Bakı və Aşqabad arasında strateji tərəfdaşlığın yeni mərhələsi
Azərbaycanın Mərkəzi Asiya, eyni zamanda, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir. 22 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşdən sonra mətbuata bəyanatlarında iki qardaş ölkə arasındakı çoxəsrlik tarixi-mədəni bağların əhəmiyyətini vurğulayaraq; regional təhlükəsizlik, nəqliyyat-logistika, enerji və işğaldan azad edilmiş ərazilərin bərpası sahələrində birgə addımların gələcək prioritetlərini diqqətə çatdırıblar.
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə keçirdiyi görüş iki qardaş ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni - strateji səviyyəyə yüksəldiyini növbəti dəfə nümayiş etdirdi. Bu gün Bakı və Aşqabad regional təhlükəsizliyin təmin olunmasında, iqtisadi inteqrasiyanın dərinləşməsində və nəqliyyat-logistika mərkəzlərinin formalaşmasında vahid mövqedən çıxış edir. Dövlətimizin başçısı qeyd etdi ki, bu gün Türkmənistan rəhbərliyinin və qardaş türkmən xalqının Azərbaycana olan səmimi, dostcasına münasibətinin əyani şahidi oluruq. Türkmənistanın Ümummilli Lideri, əziz Arkadağ Qurbanqulu Berdiməhəmmədovun ötən ilin iyulunda ölkəmizə səfəri zamanı irəli sürdüyü təşəbbüs əsasında artıq Füzuli şəhərində məscid tikintisinə başlanılıb. Bu, sadəcə infrastruktur layihəsi deyil, Qarabağın bərpasında qardaş Türkmənistanın mənəvi töhfəsi və birliyimizin rəmzidir. Bakı ilə Aşqabad, eləcə də Arkadağ ilə Füzuli şəhərlərinin qardaşlaşması bu sarsılmaz bağların əməli sübutudur.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın fəal dəstəyi tarixi hadisədir. Coğrafi baxımdan Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, dərin mədəni-tarixi köklərimiz və bu gün regional nəqliyyat-logistika sahəsində həll etdiyimiz konkret məsələlər böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi məkan kimi qəbul edilməsi üçün möhkəm zəmin yaradır. Bu gün dünyada etibarlı və təhlükəsiz nəqliyyat marşrutlarına ehtiyac olduqca böyükdür. Geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki güclü dövlət kimi Azərbaycan və Türkmənistan öz fəaliyyətlərini tam əlaqələndirirlər.
Dövlət başçımız vurğulayıb ki, bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil: “Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq.”
Bakı dialoqunun yüksək səviyyədə təşkilinin ikitərəfli tərəfdaşlığın gələcək mənzərəsini aydınlaşdırdığını və regional sabitliyə mühüm töhfə verdiyini vurğulayan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov səmimi qəbula, göstərilən qonaqpərvərliyə və birgə iş üçün yaradılan yüksək şəraitə görə dövlətimizin başçısına bir daha minnətdarlığını bildirdi. Ali qonaq, həmçinin təkbətək və geniştərkibli görüşlər zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyətinin, eləcə də gələcək perspektivlərinin ətraflı müzakirə olunduğunu diqqətə çatdırdı. “Dostluq” neft tankerinin hədiyyə edilməsinə görə dövlətimizin başçısına təşəkkür edən Sərdar Berdiməhəmmədov bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin növbəti rəmzi kimi qəbul etdiklərini vurğuladı. O, bu gəminin ölkələrimizin tərəqqisinə töhfə verəcəyinə və uğurlu əməkdaşlığımızın daha bir parlaq təzahürünə çevriləcəyinə əminliyini ifadə etdi.
Bakıda əldə olunmuş yüksək səviyyəli razılaşmalar və dövlət başçılarının nümayiş etdirdiyi qətiyyətli siyasi iradə yaxın gələcəkdə regionun iqtisadi mənzərəsini kökündən dəyişəcək. Azərbaycanla Türkmənistan arasında strateji maraqların üst-üstə düşməsi bu münasibətlərin gələcəyinin parlaq olduğuna zəmanət verir. Regional və qlobal çağırışlar fonunda bu iki ölkənin bir-birinə dəstək verməsi və yeni əməkdaşlıq istiqamətlərinin formalaşması qaçılmazdır.
Tarix, dil, mədəniyyət və mənəviyyat bağları ilə bir-birinə sıx bağlı olan bu iki xalqın münasibətləri yalnız bu günün deyil, sabahın da uğurlarını şərtləndirir. Qarşılıqlı etimada, strateji tərəfdaşlığa və ortaq dəyərlərə əsaslanan bu əlaqələr regionda sabitliyin və rifahın təmin olunmasına mühüm töhfə verəcək.
Əzizağa Məmmədli,
Salyan rayonu, şair-publisist