Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
Çexiya ilə əməkdaşlıq Azərbaycanın müdafiə sənayesində hansı yeni imkanların qapısını açacaq? Yerli istehsalın genişlənməsi Azərbaycanı gələcəkdə regional müdafiə sənayesi mərkəzlərindən birinə çevirə bilərmi?
Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Günay Ağamalı Musavat.com-a deyib ki, Azərbaycanın müdafiə sənayesində son illərdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət yeni mərhələyə qədəm qoyur:
“Günümüzdə əsas hədəf Silahlı Qüvvələrimizin müasir hərbi texnika ilə təmin edilməsi, eyni zamanda qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsi, istehsal prosesinin lokallaşdırılması, milli mühəndislik potensialının gücləndirilməsi və Azərbaycanın öz müdafiə sənayesi imkanlarının davamlı şəkildə genişləndirilməsidir. Bakıda keçirilən “ADEX-2026” sərgisi çərçivəsində Çexiyanın CSG şirkəti ilə Azərbaycandakı yerli tərəfdaş arasında özüyeriyən haubitsaların istehsalının təşkili ilə bağlı açıqlanan layihə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Rəsmi məlumata əsasən, birgə müəssisənin 2026-cı ilin dekabrında yaradılması, istehsalın 2027-ci ildə başlanması planlaşdırılır. Layihə mərhələli lokallaşdırmanı, CSG-nin texnologiya və istehsal biliklərinin Azərbaycana ötürülməsini nəzərdə tutur və yeddi il ərzində 1,8 milyard avroluq biznes potensialına malikdir. Burada diqqəti çəkən əsas məqam hazır hərbi məhsulun idxal edilməsindən fərqli olaraq, onun istehsal texnologiyasının ölkə daxilində mənimsənilməsidir. Sözügedən yanaşma uzunmüddətli perspektivdə Azərbaycanın müdafiə sənayesinin texnoloji müstəqilliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Milli müdafiə sənayesinin gücü istehsal olunan məhsulların sayı və həmin məhsulların hazırlanması, təmiri, modernləşdirilməsi və gələcəkdə daha təkmil nümunələrinin yaradılması üçün ölkənin malik olduğu elmi-texniki baza və insan kapitalı ilə ölçülür. CSG-nin Azərbaycandakı fəaliyyəti bir istiqamətlə məhdudlaşmır. Şirkətin bundan əvvəl yaradılmış VEXA DS birgə müəssisəsi zirehli və digər yerüstü hərbi texnikanın təmiri, texniki xidməti və modernləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Yeni layihə isə əməkdaşlığı birbaşa istehsal və texnologiya transferi mərhələsinə yüksəldir. Adıçəkilən prosesin digər mühüm tərəfi yüksək ixtisaslı milli kadr potensialının formalaşdırılmasıdır. Yeni istehsal müəssisələrinin yaradılması mühəndislərin, texnoloqların, proqram təminatı və elektron sistemlər üzrə mütəxəssislərin hazırlanmasına əlavə imkanlar yarada bilər. “ADEX-2026” çərçivəsində müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlığa dair ayrıca memorandumun imzalanması da göstərir ki, istehsal ilə yanaşı insan kapitalının və elmi bazanın inkişafına xüsusi diqqət yetirilir”.

Parlamentari hesab edir ki, Azərbaycanın bu istiqamətdə malik olduğu potensial kifayət qədər genişdir:
“Müdafiə Nazirliyinin “ADEX-2026” ilə bağlı açıqlamasında ölkə müəssisələrinin silah, sursat və pilotsuz sistemlər də daxil olmaqla mindən artıq adda müdafiə təyinatlı məhsul istehsal etdiyi, həmçinin zirehli və aviasiya texnikasının əsaslı təmiri və modernləşdirilməsinin həyata keçirildiyi bildirilir. Bu baza xarici tərəfdaşlarla texnologiya transferinə əsaslanan yeni layihələrin genişləndirilməsi üçün ciddi zəmin yaradır. Məhz belə layihələrin ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycanın gələcəkdə regionun mühüm müdafiə sənayesi və hərbi-texnoloji mərkəzlərindən biri kimi imkanlarını genişləndirəcək. Bunun üçün istehsal güclərinin artırılması, yerli komponentlərin payının yüksəldilməsi, elmi-tədqiqat və konstruktor fəaliyyətinin genişləndirilməsi, müasir texnologiyaların mənimsənilməsi və ixrac imkanlarının inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. “ADEX-2026”nın miqyası Azərbaycanın bu sahədə artan beynəlxalq rolunu nümayiş etdirir. Sərgidə dünyanın aparıcı müdafiə sənayesi şirkətləri iştirak edir və Azərbaycan xarici tərəfdaşlarla birgə layihələrin, texnologiya mübadiləsinin və uzunmüddətli sənaye əməkdaşlığının qurulduğu platforma kimi çıxış edir. Bütün bunların əsasında dövlətimizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsini strateji prioritet kimi müəyyən edən ardıcıl dövlət siyasəti dayanır. Möhtərəm Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun müasir tələblər səviyyəsində inkişaf etdirilməsi ilə yanaşı, milli müdafiə sənayesinin gücləndirilməsi, qabaqcıl texnologiyaların tətbiqi və yerli istehsal imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Çexiya ilə birgə özüyeriyən haubitsa istehsalının təşkili böyük strateji xəttin tərkib hissəsidir. Məqsəd gələcəyin müdafiə sənayesinin texnoloji və istehsal bazasını indidən formalaşdırmaqdır. Güclü ordu, inkişaf etmiş milli müdafiə sənayesi və müasir texnoloji potensial Azərbaycanın təhlükəsizliyinin və dövlətimizin strateji dayanıqlığının mühüm dayaqlarıdır”.
“Musavat.com” saytı
Cavanşir Abbaslı
01 oktyabr 2026-cı il