Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Azərbaycan və Türkmənistan münasibətləri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfərini geniş təhlil edib.
G. Ağamalı iki ölkənin dərin dostluq əlaqələrinin keçmişə dayandığını qeyd edib:
“Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı mühüm strateji istiqamətlərdən birini təşkil edir. Ortaq tarixi köklərə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və qardaşlıq prinsiplərinə əsaslanan münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Möhtərəm Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və praqmatik xarici siyasət nəticəsində Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında siyasi, iqtisadi, enerji və nəqliyyat əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan etibarlı tərəfdaşa çevrilmişdir.
Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin davamlı inkişafı regional əməkdaşlığın güclənməsində mühüm rol oynayır.
Ötən ildən etibarən Azərbaycan və Türkmənistan arasında həyata keçirilən beş yüksək səviyyəli səfər qarşılıqlı etimadın möhkəmlənməsinin və strateji əməkdaşlığın dərinləşməsinin bariz təzahürüdür. Dövlətlərimiz arasında formalaşmış səmimi münasibətlər diplomatik əlaqələrə, xalqlarımızın tarixi dostluğuna və mənəvi yaxınlığına söykənir.
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin təməlinin qoyulması qardaşlığın bariz nümunəsidir. Sözügedən təşəbbüs Azərbaycan xalqına göstərilən yüksək ehtiramın, ortaq mənəvi dəyərlərimizin və sarsılmaz dostluğumuzun ifadəsidir. İşğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi prosesinə qardaş ölkələrin verdiyi dəstək siyasi və mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Ölkəmiz həmrəyliyi yüksək qiymətləndirir. Dost və qardaş ölkələrin göstərdiyi dəstək xalqlarımız arasında münasibətlərin möhkəm təməlinin təzahürüdür.”
Partiya sədri Azərbaycanın təkcə dost-qardaş Türkmənistanla deyil, bütün Mərkəzi Asiya dövlətləri ilə balanslı və uğurlu münasibətlər qurduğunu xüsusi qeyd edib:
“Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının genişlənməsi iqtisadi göstəricilərdə də öz əksini tapır. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin 50 faizdən çox artması iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Hazırda ölkəmizdə Mərkəzi Asiya dövlətlərinin kapitalı ilə fəaliyyət göstərən 400-dən artıq şirkətin mövcudluğu Azərbaycanın əlverişli investisiya mühitinə və iqtisadi potensialına olan etimadın göstəricisidir. Bu dinamika qarşılıqlı sərmayə qoyuluşlarının artırılması, birgə layihələrin həyata keçirilməsi və regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün geniş perspektivlər açır.
Müasir geosiyasi reallıqlar fonunda Azərbaycanın tranzit və logistika imkanlarının əhəmiyyəti daha da artır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və beynəlxalq enerji layihələrində qazandığı təcrübə Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxışında mühüm imkanlar yaradır. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsi və daşımaların həcminin artması ölkəmizin regional enerji təhlükəsizliyində və beynəlxalq təchizat zəncirlərində artan rolunun təcəssümüdür.
Möhtərəm Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan enerji resurslarının istehsalçısı və ixracatçısı, eyni zamanda müxtəlif regionları birləşdirən strateji nəqliyyat və enerji qovşağı kimi mövqeyini möhkəmləndirib. Sözügedən siyasət ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə, iqtisadi imkanlarının genişlənməsinə və regional əməkdaşlıq proseslərində fəal iştirakına xidmət edir.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri də bərpaolunan enerji sahəsidir. Azərbaycanın Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizinin yaradılması istiqamətində həyata keçirdiyi təşəbbüslər regionun uzunmüddətli inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Bu layihələr enerji mənbələrinin şaxələndirilməsinə, ekoloji dayanıqlılığın təmin edilməsinə və yeni iqtisadi imkanların formalaşmasına töhfə verəcəkdir. Eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində regional əməkdaşlığın təşəbbüskarlarından biri kimi mövqeyini daha da gücləndirir.
Bütün bunlar göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlər ənənəvi dostluq və tərəfdaşlıqla yanaşı, həmçinin çoxşaxəli strateji əməkdaşlıq müstəvisində inkişaf edir. Siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi, enerji və nəqliyyat layihələrinin reallaşdırılması qarşılıqlı maraqlara əsaslanan dayanıqlı tərəfdaşlıq modelini formalaşdırır.
Dövlət başçımız Cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyi ilə həyata keçirilən siyasət Azərbaycanın Mərkəzi Asiya məkanında mövqelərini daha da möhkəmləndirir, ölkəmizin regional və qlobal proseslərdə strateji əhəmiyyətini artırır. Azərbaycan bundan sonra da qardaş dövlətlərlə qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan münasibətlərin inkişafına, regionda sabitliyin, təhlükəsizliyin və davamlı tərəqqinin təmin olunmasına mühüm töhfələr verəcəkdir.”