"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
Məktəb bilik və bacarıqların mənimsənildiyi təhsil müəssisəsi, eyni zamanda şəxsiyyətin formalaşdığı, milli-mənəvi dəyərlərin aşılandığı, qarşılıqlı hörmət, bərabərlik və birgəyaşayış mədəniyyətinin təməlinin qoyulduğu sosial mühitdir. Bu baxımdan təhsil müəssisələrində tətbiq olunan qaydalar, o cümlədən vahid məktəbli forması məsələsi ilk növbədə uşaqların mənafeyi, onların psixoloji rahatlığı və sağlam inkişafı prizmasından qiymətləndirilməlidir.
Sözügedən mövzuya emosional yanaşmalardan və dini müstəvidə qarşıdurma yaratmaq cəhdlərindən uzaq, cəmiyyətimizin ümumi maraqları və təhsil sistemimizin prinsipləri əsasında münasibət bildirilməlidir.
Vahid məktəbli formasının tətbiqində əsas məqsəd şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almaq, bərabərlik mühitini gücləndirmək, intizamı və kollektiv məsuliyyət hissini formalaşdırmaqdır.
Vahid məktəbli formasının tətbiqi dünya təcrübəsində də geniş yayılmışdır. Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Sinqapur, Türkiyə və digər ölkələrin təhsil müəssisələrində vahid geyim qaydaları mövcuddur. Bu təcrübə şagirdlər arasında sosial bərabərliyin, nizam-intizamın, kollektiv mənsubiyyət hissinin və sağlam təhsil mühitinin formalaşdırılmasına xidmət edir.
Məktəblərdə müxtəlif sosial təbəqələrdən olan ailələrin övladları təhsil alırlar. Maddi imkanların geyim vasitəsilə nümayiş etdirilməsi bəzi uşaqlarda psixoloji narahatlıq, özünəinamın zəifləməsi və sosial təcrid hissi yarada bilər. Vahid məktəbli forması bu fərqlərin nəzərə çarpmasını aradan qaldırmaqla şagirdlərin özlərini eyni kollektivin bərabərhüquqlu üzvləri kimi hiss etmələrinə kömək edir.
Məsələnin digər mühüm tərəfi uşaqların psixoloji inkişafı ilə bağlıdır. Uşaqlıq və yeniyetməlik dövründə sosial mühitin, həmyaşıdlarla münasibətlərin və kollektivə mənsubiyyət hissinin şəxsiyyətin formalaşmasına təsiri böyükdür. Məktəbdə sağlam psixoloji atmosferin yaradılması, şagirdlərin bir-birinə geyiminə, ailəsinin maddi vəziyyətinə və fərdi xüsusiyyətlərinə görə deyil, insani keyfiyyətlərinə, davranışına və biliklərinə görə münasibət göstərməsi əsas prioritetlərdən olmalıdır.
Eyni zamanda, vahid məktəbli formasının tətbiqini dini etiqad azadlığına qarşı yönəlmiş addım kimi qiymətləndirmək kökündən yanlışdır.
Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dini tolerantlığın, multikultural dəyərlərin və vicdan azadlığının qorunduğu ölkədir. Konstitusiyamız hər kəsin vicdan azadlığını təsbit edir. Dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətin əsasını müxtəlif dini inanclara hörmət, qarşılıqlı anlaşma və ictimai həmrəylik təşkil edir.
Dünyəvilik dinə qarşı münasibət deyil, dövlət institutlarının fəaliyyətində ümumi hüquqi prinsiplərin və bərabərliyin təmin olunmasıdır.
Təhsil müəssisələrində müəyyən edilmiş geyim qaydalarının mövcudluğu da məhz bu kontekstdə dəyərləndirilməlidir. Bununla yanaşı, həmin qaydaların tətbiqi zamanı uşaqların ləyaqətinin qorunması, dini mənsubiyyətinə görə ayrı-seçkiliyə yol verilməməsi və valideynlərlə konstruktiv dialoqun aparılması son dərəcə vacibdir.
Azərbaycan xalqı tarixən öz milli-mənəvi dəyərlərinə, dini inanclarına və zəngin adət-ənənələrinə bağlı olub. Analarımızın, nənələrimizin istifadə etdiyi kəlağayı və digər ənənəvi baş örtükləri milli mədəniyyətimizin ayrılmaz hissəsidir. Bu dəyərlərə hörmətlə yanaşılması ilə məktəblərdə vahid geyim qaydalarının tətbiqi bir-birinə zidd anlayışlar kimi təqdim edilməməlidir. Əksinə, cəmiyyətimizdə formalaşmış tolerantlıq ənənələri belə həssas məsələlərin qarşılıqlı anlayış və hörmət çərçivəsində müzakirəsinə imkan verir.
Digər tərəfdən, uşaqların dini və dünyagörüşü məsələlərində ailənin rolu danılmazdır. Lakin nəzərə almalıyıq ki, uşağın hüquqları, onun şəxsiyyət kimi sərbəst inkişafı və təhsil almaq imkanları hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Valideynlərin dini inanclarına hörmətlə yanaşmaqla yanaşı, uşaqların hər hansı mənəvi və psixoloji təzyiqə məruz qalmaması da təmin edilməlidir. Burada əsas meyar uşağın üstün mənafeyidir.
Hesab edirəm ki, məktəbli forması ətrafında yaranan müzakirələrdə qarşıdurma ritorikasına deyil, maarifləndirici yanaşmaya üstünlük verilməlidir.
Hədəfimiz vahid geyim qaydalarına əməl olunması, eyni zamanda məktəblərimizdə sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması, şagirdlər arasında qarşılıqlı hörmətin, dostluğun və həmrəyliyin möhkəmləndirilməsi olmalıdır.
Biz elə bir təhsil mühiti formalaşdırmalıyıq ki, hər bir uşaq özünü təhlükəsiz, dəyərli və bərabərhüquqlu hiss etsin. Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır.
Vahid məktəbli forması məsələsi təhsil mədəniyyətinin, ictimai intizamın və sosial bərabərliyin təşviqi ilə bağlıdır. Əsas vəzifəmiz milli-mənəvi dəyərlərimizə sədaqəti, konstitusion hüquqlara hörməti və uşaqlarımızın üstün mənafeyini uzlaşdıraraq sağlam, savadlı, azad düşüncəli və Vətəninə bağlı gənc nəslin yetişməsidir.
Günay Ağamalı
Milli Məclisin deputatı,
Ana Vətən Partiyasının sədri.