Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
Ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiqi məktəb mühitinin nizamlanmasında və şagirdlərin formalaşmasında əsaslı rol oynayan mühüm addımlardan biridir. Məktəblərdə vahid məktəbli geyim formasının tətbiqi dini ayrı-seçkilik deyil, təhsilin dünyəvi xarakterinin və şagirdlər arasında bərabərliyin qorunmasına xidmət edir. Məktəb uşaqların sosial status, ailənin dini baxışları və maddi imkanlarından asılı olmayaraq, özlərini bərabər hiss etdikləri məkandır. Vahid məktəbli forması bu baxımdan sosial bərabərlik funksiyası daşıyır. Azyaşlı uşağın dini davranışı ilə yetkin şəxsin dini seçimi eyni müstəvidə qiymətləndirilməməlidir. Uşağın dünyagörüşü hələ formalaşma mərhələsində olduğundan, onun müxtəlif, o cümlədən dini simvollardan istifadəyə cəlb edilməsi ailə, sosial mühit və müxtəlif dini-ideoloji təsirlərin nəticəsi kimi qiymətləndirilməlidir. Məktəb yalnız təhsil deyil, dünyagörüşünün formalaşdığı mühüm ictimai məkandır. Buna görə məktəb mühitində hər hansı dini ideologiyanın uşaqlar üzərində təsiri dünyəvi prinsiplərlə ziddiyyət təşkil edir. Bu baxımdan məktəblərdə dini həyat tərzinin təlqin edilməsi yolverilməzdir. Uşağın seçim azadlığı ilə valideynin dini tərbiyə hüququ arasında balans qorunmalıdır. Valideynin uşağını öz dini dəyərlərinə uyğun böyütmək hüququ var, lakin bu ölkə Konstitusiyası, qanunlarla, dünyəvi, demokratik, hüquqi prinsiplərlə ziddiyyət təşkil etməməlidir. Məktəb yaşında yalnız qız uşaqlarının müəyyən dini geyim normalarına tabe etdirilməsi onların sosiallaşmasına, gender rolları haqqında təsəvvürlərinə və həmyaşıdları ilə münasibətlərinə ciddi təsir göstərir. Baş örtüsü (hicab) uşağın dini kimliyinin göstəricisinə çevrildikdə, uşaq özünü digər şagirdlərdən fərqli qrupun, yad və kənar sistemin mənsubu kimi qavramağa başlayır.
Məktəbdaxili nizam-intizam və təşkilati mühitin gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir. Təhsilalanlara vahid geyim/forma tələbi kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir. Məktəblər təkcə bilik ötürən məkan deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaqları və gəncləri birgə yaşamağa hazırlayan mühüm sosial institutdur. Vahid məktəbli forması və geyim tələbləri sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır. Bu, yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir. Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət bütün şagird və valideynlər üçün vacibdir.
Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, burada dövlət-din münasibətləri yüksək səviyyədədir. Vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə, müxtəlif din mənsubları arasında qarşılıqlı hörmət və anlaşma mühitinin qorunub-saxlanılmasına xüsusi həssaslıqla yanaşılır. Azərbaycanda etiqadına, inancına və dini həyat tərzinə görə heç bir məhdudiyyət tətbiq edilmir. Azərbaycan tarixən Türk və İslam dünyasının mərkəzlərindən biri olmuş və bu gün də milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dəyərlərinə, adət-ənənələrinə böyük ehtiram göstərilir. Azərbaycan modelində milli-mənəvi irsin qorunması dünyəvi dövlətçilik və qanunun aliliyi prinsipləri ilə uzlaşdırılır. Dünyəvi dövlət prinsipi milli-mənəvi dəyərlərin qorunması anlayışı ilə bir-birinə zidd deyil. Əksinə, tarixi təcrübə göstərir ki, dini etiqad azadlığının ən yaxşı qorunduğu cəmiyyətlər məhz dünyəvi dövlətlərdədir.
Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri