“Baş örtüyünə qadağa yoxdur” - Deputat
“Dünyəvi təhsil, milli dəyərlər və uşaqların təhlükəsizliyi dövlətimizin gələcəyinə xidmət edən əsas prinsiplərdir. Ölkəmizdə dövlət-din münasibətləri Konstitusiyanın müəyyən etdiyi prinsiplər əsasında tənzimlənir, hər bir vətəndaşın vicdan və dini etiqad azadlığına hörmətlə yanaşılır. Eyni zamanda, dünyəvi dövlətçilik prinsiplərinin qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılması, gənc nəslin sağlam düşüncəli, vətənpərvər və müasir dünyagörüşlü şəxsiyyət kimi yetişdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Ümumtəhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi və Nazirlər Kabinetinin müvafiq qərarının icrası ətrafında aparılan müzakirələrə də məhz bu prinsiplər çərçivəsində yanaşılmalıdır. Məsələnin mahiyyətini təhrif edərək onu dini etiqad azadlığına müdaxilə kimi təqdim etmək, cəmiyyətdə süni qarşıdurma yaratmaq və həssas mövzular üzərindən ideoloji manipulyasiyalara yol vermək qəbuledilməzdir”. Bu fikirləri Musavat.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Günay Ağamalı deyib.
O, vurğulayıb ki, Azərbaycanda baş örtüyünə qadağa yoxdur: “Gündəlik həyatda, dövlət orqanlarında, müxtəlif müəssisə və təşkilatlarda baş örtüyündən istifadə edən qadınlar var və onların dini inanclarına hörmətlə yanaşılır. Azərbaycan cəmiyyəti tarixən dini tolerantlığı, fərqli inanclara ehtiramı və qarşılıqlı hörmət ənənələri ilə seçilib. Lakin dini etiqad azadlığı ilə təhsil müəssisələrində müəyyən edilmiş vahid qaydaların tətbiqini bir-birinə qarşı qoymaq qəbuledilməzdir. Məktəb ilk növbədə təhsil, tərbiyə və şəxsiyyətin formalaşdığı məkandır. Burada əsas məqsəd uşaqların bilik və bacarıqlara yiyələnməsi, sağlam psixoloji mühitdə böyüməsi, bərabər imkanlardan istifadə etməsi və gələcək həyata hazırlanmasıdır. Vahid məktəbli formasının tətbiqi təhsil mühitində bərabərliyin, nizam-intizamın və ümumi qaydaların təmin edilməsinə xidmət edən mexanizmdir. Məktəblərin dini və siyasi təbliğat meydanına çevrilməsinə, azyaşlıların müxtəlif ideoloji təsirlərin vasitəsi kimi istifadə olunmasına yolverilməzdir. Uşaqların dünyagörüşünün formalaşdığı həssas yaş dövründə onların radikal çağırışlara, dini fanatizmə və zorakılığı təşviq edən təsirlərə məruz qalması ciddi narahatlıq doğurur”.
Deputat bildirib ki, Azərbaycanın milli-mənəvi dəyərləri heç zaman dini radikalizmlə eyniləşdirilə bilməz. G.Ağamalının sözlərinə görə, dini hisslərin siyasi məqsədlərlə istismar olunması cəmiyyətin birliyinə və dövlətçilik maraqlarına qarşıdır: “Məsələnin digər mühüm tərəfi qadınların və qız uşaqlarının hüquqlarının qorunmasıdır. Təəssüf ki, dünyanın müxtəlif regionlarında, o cümlədən Əfqanıstanda, İranda və bəzi ərəb ölkələrində erkən nikahlar, qızların təhsil imkanlarının məhdudlaşdırılması və onların fundamental hüquqlarının pozulması ilə bağlı ciddi problemlər mövcuddur. Bu problemlərin miqyası və hüquqi səbəbləri ölkələr üzrə fərqlənsə də, nəticədə ən ağır zərbəni uşaqların gələcəyi alır. Azyaşlı qızların erkən nikaha məcbur edilməsi onların uşaqlıq hüququnun əlindən alınması, təhsil imkanlarının məhdudlaşdırılması, fiziki və psixoloji sağlamlıqlarının təhlükəyə atılması deməkdir. Erkən yaşda ailə məsuliyyətini daşımağa məcbur edilən qız uşaqları çox vaxt sosial təcrid, iqtisadi asılılıq, məişət zorakılığı və ağır sağlamlıq problemləri ilə üzləşirlər.
Heç bir dini, milli və ya mədəni ənənə uşaqların hüquqlarının pozulmasına haqq qazandıra bilməz. Uşağın gələcəyi onun əvəzinə verilən məcburi qərarlarla deyil, təhsil almaq, inkişaf etmək və yetkin yaşda sərbəst seçim etmək imkanları ilə müəyyənləşməlidir. Bu baxımdan ailələr arasında maarifləndirmə genişləndirilməli, qızların təhsildən yayınması hallarına vaxtında müdaxilə edilməlidir”.
Onun fikrincə, uşaqların təhsil hüququnun, təhlükəsizliyinin, psixoloji sağlamlığının və mənəvi inkişafının qorunması üstün tutulmalı, onların həssas psixoloji durumundan sui-istifadə edilməsinə, hər hansı ideoloji təsir, mənəvi təzyiq və manipulyasiyaların vasitəsinə çevrilməsinə qətiyyən yol verilməməlidir.