YAP Salyan Rayon Təşkilatının sədri Elmar Əhmədov Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib!
Hörmətli salyanlılar,
Sizi Novruz Bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayırıq.
Novruz Bayramı xalqımızın milli-mənəvi dəyərlərini və milli varlığımızın dolğun təcəssümünü özündə əks etdirən, çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın tarixi bayramıdır. Milli özünüdərkin təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda, yüz illər əvvəl olduğu kimi, indi də xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılanır.
Builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Haqq işi uğrunda mübarizədə Ali Baş Komandanın rəhbərliyi altında bir yumruq kimi birləşərək əzəli torpaqlarımıza uzanan mənfur düşmənin əlləri kəsilmiş, yurdumuzu düşməndən təmizləmiş və ədaləti şəhidlərimizin qanı bahasına əldə etmişik. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş şəhidlərimizin xatirəsini bu əziz gündə bir daha ehtiramla yad edirik.
Bu bayramda hamınıza bahar əhval-ruhiyyəsi arzu edirik. Bahar öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin, qəlbinizi xoş hisslər bəxş etsin. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun!
Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanımızın tərəqqisi və çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayır, Novruz Bayramınızı təbrik edirik!
Hörmətlə Elmar Əhmədov,
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri