Zahir Məmmədov yazır:Hüquqlarımızı bilirikmi ?
Hansısa sahədə hüququmuz pozulanda ya qarşı tərəfi ittiham edib, hay-küy salırıq, ya da “şirinlik”lə məsələni “şirinləşdirməyə” çalışırıq. Amma heç düşünmürük ki, bu vəziyyətin yaranmasında bizim hüququmuzu bilməməyimizin rolu heç də az deyil. İstər dövlət, istərsə də qeyri-dövlət orqanlarında ictimai münasibətləri tənzimləyən qanunlar mövcuddur. Vətəndaşlarımızın hüquqları pozulan zaman öz haqlarını tələb etmək kimi imkanları var. Bunun üçün də, ilk növbədə, insanlar öz hüquqlarını bilməlidirlər. Öz hüquqlarını müdafiə etmək üçün, sadəcə, qanunvericiliyin bütün maddələrini əzbər bilmək kifayət etmir.
Bəzən fərqində olmadan dəfələrlə hüquqlarımızın pozulduğunun, yaxud da kimlərinsə haqlarını çeynədiyimizi oturub düşünsək, kim bilir, üzr istəməli olduğumuz nə qədər insan var... Bu, sadəcə, qanun qarşısında cavabdeh olduğumuz üçün deyil, insanların qəlbini qırmağa haqqımız olmadığına və bu halların yaranmaması üçün öz davranışlarımıza diqqət etməyə kifayət qədər əsas verər. Hələ XIX əsrdə Kant deyirdi ki, “İnsan müəyyən məqsədlərin əldə edilməsi üçün vasitə olmalı deyil”. Onun fikrincə, cəmiyyətdə baş verən bütün dəyişikliklərin və islahatların məqsədi insan olmalıdır. Yəni insan hüquqlarının təmin olunması və insanların xoşbəxtliyi dövlətin və cəmiyyətin məqsədi olmalıdır. Bu fikir 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında da təsbit olunmuşdur. Konstitusiyanın 12-ci maddəsində göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir. Bəzən vətəndaşlarımız haqlarının pozulduğu halda, nədənsə öz hüquqlarını müdafiə etməkdə problem yaşayırlar. Ən bəsit örnək olaraq onu deyə bilərəm ki, hər gün istifadə etdiyimiz ictimai nəqliyyatda bəzən ya sürücü, ya da sərnişinlər haqsız yerə kobud ifadələrə məruz qalırlar. Ancaq baxırsan ki, haqlı tərəf bir kənarda qalır, digər tərəf isə ürəyini yetərincə boşaldır. Çox maraqlıdır, bu kimi hallarla qarşılaşan insanlar hüquqlarını bilmədikləri üçün razılaşıb susurlar, yoxsa “yersiz” şəkildə səs-küyə səbəb olmayıb, məsələni səssiz şəkildə yola vermək üçünmü? Yaxud da millətimizə xas olan ürəyi yumuşaqlıqdan dolayı hadisənin üzərinə çox getmirlər?
Bəzi insanlar kompleksli olduqları üçün ictimaiyyət arasında öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkirlər. Elə insanlar var ki, toplum içərisində hər hansı bir məsələ ilə bağlı müzakirəyə qarışmaqdan belə çəkinirlər. İctimai fobiyası olan belə insanlar bu kimi hallarla qarşılaşdıqları zaman düşünürlər ki, “səsimi qaldırsam, hamı məni eşidər, ayıb olar”. Ancaq bütün bu hallara baxmayaraq, insanlar gərək öz haqlarını tələb etsinlər. Əks halda, bu düşüncə insanlarda özlərinə güvən hissinin daha da azalmasına və hər dəfə eyni hadisələrlə yenidən qarşılaşmalarına gətirib çıxarar. Bəzi insanlar da var ki, haqlarını tələb etməyi bacarırlar, ancaq onlar da səbirli olmağa və vəziyyətdən çıxış yolu tapmağa çalışırlar. Sözlərini deməkdən çəkinməsələr də, qarşı tərəfdən alacağı gözlənilməz cavabdan çəkinərək sözlərini deməyə cəsarət etmirlər. Bu tip insanlarda komplekslilik olmasa da, psixoloji gərginlik, fobiya özünü göstərir. Bütün bunları azərbaycanlılara xas olan tolerantlıq hisslərinin özünü göstərməsi ilə də əlaqədardı. Bilirsiniz ki, azərbaycanlılar hər zaman bu və buna bənzər hallarda qarşısındakı şəxsə tolerant münasibət göstərirlər. Ona görə də belə vəziyyətdə insanlar mümkün qədər qarşı tərəflə empatiya qurmağa çalışırlar. Ancaq doğru olardı ki, insanlar bu vəziyyətdə gərək öz haqlarını qışqır-bağır salmadan, uyğun bir şəkildə tələb etməyi bacarsınlar. Hüquqlarımızın pozulduğunu kiminsə dilindən eşitməklə kifayətlənməməliyik. Ən azından Konstitusiyada təsbitini tapmış normaları öyrənməliyik..
Zahir Məmmədov