Deputatlar hansı yazarları oxuyur?-" Özümü " İntelligent" kimi göstərənlərdən deyiləm"-SORĞU
Çünki oxumaq istəyənlər, istər ənənəvi üsulla, istərsə də elektron kitablardan oxuyurlar.
Mediadan tanıdığımız siyasi ekspertlər, yerli yazıçılardan kimləri oxumağa üstünlük verir?
Cebhe.info bununla bağlı sorğu aparıb.
Deputat Fəzail Ağamalı bildirib ki, son zamanlarda onun diqqətini çəkən gənc yazarlar yoxdur:
“Açığı, son vaxtlar diqqətimi çəkən elə bir yazar olmayıb ki, əsərini oxuyum. Daha çox xoşladığım Anarın və İlyas Əfəndiyevin üslubudur. İstisna etmirəm ki, həqiqətən maraqlı əsərləri olan yazıçılarımız var. Ancaq bunun bilinməsi üçün hansısa təqdimat olunmalı və ya ayrı-ayrı saytlarda bununla bağlı yazılar getməlidir ki, bilək. Ayda bir neçə dəfə kitab mağazalarına gedirəm, satıcılardan soruşuram ki, bizim yazarlardan kimlərin kitabına tələbat çoxdur, onlar da buna cavab verə bilmirlər. Hətta istərdim televiziyalarımızda da insanları kitab oxumağa təşviq edən, maraq doğuran proqramlar, reklamlar olsun. Bunu canlandırmaq lazımdır”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu daha çox elmi kitablar oxuduğunu söyləyir:
“Düzü, hazırda bədii ədəbiyyat oxumaq imkanım yoxdur, daha çox elmi kitablar oxuyuram. Ancaq daha çox öz dövrümün yazarlarını, məsələn, İsmayil Şıxlı, Məmməd Səif Ordubadini sevirəm və oxumuşam”.
Deputat Sabir Rüstəmxanlı isə ədəbiyyatı indi də davamlı izlədiyini bildirir: “Yazarlarımızdan qocalı-cavanlı hamısını oxuyuram. Kimin kitabı qarşıma çıxsa, çalışıram ki, oxuyum. Təbii ki, bütün əsərləri deyil, amma hərəsindən müəyyən şeyləri oxuyuram. “Ulduz” jurnalında, “Ədəbiyyat-incəsənət” qəzetindən dərc olunan hekayələri oxuyuram. Özünü “intelligent” göstərmək xatirinə, “mən Azərbaycan ədəbiyyatını yox, Qərb ədəbiyyatını oxuyuram” deyənlərdən deyiləm. Dünyada çıxan ən yaxşı əsərləri gecikdirmədən türk, rus dilinə çevirirlər. Mən də onları alıram. Düzdür, oxumaq sürətim almaq sürətimə çatmır, ancaq çalışıram ki, ədəbi proseslərdən xəbər tutum”.
Cephe.info