Yayda qida zəhərlənməsindən necə qorunaq?
Yay mövsümündə ən vacib məsələlərdən biri qida məhsullarının düzgün saxlanılmasıdır. Çünki qızmar havalarda zəhərlənmələrin əsas səbəbi məhz qidaların düzgün saxlanılmaması, eləcə də meyvə-tərəvəzin yaxşı yuyulmamasıdır.
Konservləşdirilmiş qidaların istifadəsi azaldılmalıdır
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Aynur Məmmədova qeyd etdi ki, yay mövsümündə zəhərlənmələrin artmasının əsas səbəbi qida məhsullarının düzgün saxlanılmamasıdır: "Elə qidalar var ki, onlar yalnız soyuducularda saxlanılmalıdır. Soyuducudan çıxardıqdan sonra müəyyən bir müddət ərzində istifadə edilib yenidən geri qoyulmalıdır. Soyuq mühitdə mühafizə edilməli qida məhsullarının zəncirvari prinsipinin pozulması onlara bakteriyaların düşməsini asanlaşdırır. Münbit şəraitdə isə mikroblar bölünərək artır. Ümumiyyətlə yay aylarında konservləşdirilmiş, mayonezli, souslu və kremli məhsulların istifadəsi minimuma endirilməlidir".
A.Məmmədovanın sözlərinə görə, konservləşdirilmiş qidaları qarışdıranda onların saxlanma müddəti daha da azalır: "Elə buna görə də toy, doğum günü və ya digər yığıncaqlarda qida zəhərlənmələri daha çox baş verir. Mayonez, yaşıl noxud, duzlu xiyar kimi məhsulların istifadə edildiyi müxtəlif növ salatları uzun müddət açıq havada saxlamaq olmaz. Vəziyyəti daha da qəlizləşdirən isə belə məclislərdə bir deyil, bir neçə qarışıq, təhlükəli tərkibli qidaların qəbuludur. Eyni vaxtda həm salat, həm müxtəlif turşular yeyərkən xüsusilə ehtiyatlı olmaq lazımdır".
Meyvə, tərəvəz və göyərtilərin təmiz yuyulmasının vacibliyini vurğulayan mütəxəssis qeyd edib ki, zəhərlənmələrin digər əsas səbəbi sanitar-gigiyena qaydalarına düzgün riayət edilməməsidir: "Meyvə-tərəvəzləri yaxşı yetişdirmək, yabanı ot və böcəklərdən qorumaq üçün müxtəlif peptisid və toksik maddələrdən istifadə edilir. Bu qida məhsulları yaxşı yuyulmadıqda müxtəlif allergiya və zəhərlənmələr qaçılmaz olur".
Yüngül yeməklərə üstünlük verilməlidir
A.Məmmədova bildirib ki, qida zəhərlənmələrinin ilkin əlamətləri halsızlıq, ürəkbulanma, qusma, ishal, təzyiqin düşməsi, nəbzin zəifləməsi, soyuq tər, dəri rənginin ağarması, qarında yaranan köp və tutmaşəkilli ağrılardır: "Daha ağır hallarda isə bayılma, görmənin və beyin fəaliyyətinin pozulması, hallüsinasiyalar, əzələ zəifliyi kimi simptomlar müşahidə edilir. Zəhərlənmənin əlamətləri adətən, qida qəbulundan 1-2, bəzən 6-8 saat sonra özünü büruzə verir".
Qida zəhərlənmələri mədə-bağırsaq sistemində, qaraciyər, mədəaltı vəzidə xroniki xəstəliyi olanlar, uşaqlar, yaşlılar və hamilələr üçün daha risklidir. Mütəxəssisin sözlərinə görə, bu zaman ən təhlükəli hal orqanizmin susuzlaşmasıdır. Uşaqlarda isə su itkisi daha sürətli gedir. Buna görə də azyaşlılarda qusma halları gün ərzində 2-3 dəfədən çox olarsa, xəstə mütləq xəstəxanaya aparılmalıdır. Əks halda, ciddi fəsadlar yarana bilər.
Həkim-toksikoloq qeyd edib ki, qida zəhərlənmələri zamanı vaxt itirmədən tibbi yardım çağırılmalıdır: "Bu mümkün olmadıqda ilk yardım olaraq mədə-bağırsaq yuyulmalı, daha sonra xəstəyə aktivləşdirilmiş kömür verilməlidir. Hər 10 kq çəkiyə bir tablet kömürü əzib bir stəkan su ilə qəbul etmək lazımdır. Zamanında tibb məntəqəsinə müraciət edilsə, xəstənin orqanizmi 1-3 saat ərzində tam bərpa olunacaq. Zəhərlənmənin birinci günü xəstəyə hər hansı qida vermək tövsiyə edilmir. Bu, həzm sisteminin daha tez bərpasına kömək edəcək. Növbəti günlərdə isə xüsusi pəhriz təyin olunur".
A.Məmmədova vurğulayıb ki, yay aylarında daha yüngül yeməklərə üstünlük verilməlidir: "Çünki orqanizm isti havalarda ağır qidaları gec həzm edir. Ona görə daha çox ağartı məhsulları, bol su, mövsümi meyvə-tərəvəz qəbul edilməli, yağlı, ağır yeməklərdən imtina olunmalıdır. Ümumiyyətlə, aldığımız bütün qida məhsullarının qablaşdırılmasına, istehsal tarixi və yararlılıq müddətinə diqqət etməliyik. Açıq məhsul almaqdan isə mümkün qədər çəkinmək lazımdır. Sadə sanitar-gigiyena qaydalarına əməl etməklə, təmizliyi qorumaqla, müəyyən məqamlara diqqət etməklə qida zəhərlənmələrindən yayınmaq mümkündür".