Putin Bakıda ikən Ermənistan ordusunun təxribatları səngimir
Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.
Qeyd edək ki, dünən axşam saatlarından Ermənistan ordusunun Naxçıvan və Kəlbəcər istiqamətində də təxribat atışmaları etdiyi barədə rəsmi məlumatlar yayılıb. Bütün bunlar isə V.Putinin Bakıya səfəri ilə eyni vaxta düşür. Görünür, Qarabağ hadisələrindən sonra Rusiya rəhbərliyi ilə münasibətləri gərginləşən Paşinyan komandası Putinin illər sonra bölgəyə ilk səfərinə kölgə salmaq və vəziyyəti gərginləşdirmək üçün hansısa yeni ağalarından tapşırıq alıblar…