Antiterror əməliyyatı zamanı şəhid olan Sadiq Qəhrəmanovun il mərasimi keçirilib
22 sentyabr 2024-cü il tarixində rayonun Kərimbəyli kəndində Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbirləri zamanı şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi qulluqçusu Qəhrəmanov Sadiq Sakit oğlunun il mərasimi keçirilib. Əvvəlcə şəhidin məzarı ziyarət edilərək üzərinə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub və xatirəsi ehtiramla yad edilib. Mərasimdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideyinləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edənlər bildirib ki, lokal xarakterli antiterror tədbirləri zamanı tarixi qəhrəmanlıq ənənələrini qoruyan oğullarımız döyüş meydanında cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur etdilər. Ali Baş Komandanın rəhbərliyi altında, xalqın dəstəyindən güc alan Sadiq kimi qəhrəmanlar qısa müddət ərzində tarixi torpaqlarımızı düşməndən təmizlədilər. Qeyd olunub ki, bu tarixi Zəfər Günü artıq Ali Baş Komandanın imzaladığı Sərəncamla Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq.
Allah rəhmət eləsin.


