Azərbaycan beynəlxalq aləmdə sarsılmaz mövqe və nüfuz sahibidir
Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, dinamik inkişafı şərtləndirib. Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirir.
Ölkəmizin həyata keçirdiyi xarici siyasət prinsipial, qətiyyətli və xalqımızın mənafeyinə tam uyğundur. Bu gün Azərbaycanda dövlətimizin güclənməsinə xidmət edən və xalqımızın siyasi iradəsinə əsaslanan siyasət həyata keçirilir. Əlbəttə, Azərbaycan dünyanın diqqət mərkəzində olan geosiyasi məkanda yerləşir, böyük enerji ehtiyatlarına malikdir. Bu amillərə görə, ölkəmizin inkişafını istəməyən bir sıra xarici qüvvələr mövcuddur. Bununla belə, Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirməkdədir. Bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev bu siyasəti müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirir.
MANSUR İMANVERDİYEV MÜƏLLİM.