Ordumuz qürur yerimizdir!
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları zamanı əsl hərbi qüdrətini və yüksək döyüş bacarığını nümayiş etdirdi. Cənab İlham Əliyevin uğurlu xarici və daxili siyasətinin davamı olaraq 44 günlük Vətən Müharibəsi zamanı haqqa göz yuman, əvvəldən təşkilatlanmış, təxribat, ittiham xarakterli suallarla ölkəmizə gəlmiş xarici ölkə jurnalistlərinə izahlı, əsaslı dəlil və sübutlarla verdiyi tutarlı cavabları bu istiqamətdə də qələbəni bizim xeyrimizə etdi. Rəşadətli ordumuz 44 gün davam edən Vətən müharibəsində bütün dünyaya təkcə öz gücünü göstərmədi, eyni zamanda erməni ordusu haqqında uydurulan yalançı mifləri alt-üst etdi. Bu haqq savaşında Ali Baş Komandan böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu. Ordumuzun gücü, qüdrəti sayəsində sonda tarixi qələbənin bizim olacağına hər kəs inandı, güvəndi və bir yumruq kimi birləşərək əsl dövlət-xalq birliyi nümayiş etdirdi, igid vətən oğullarının şanlı zəfərlə qayıdacaqları günü hər kəs böyük ruh yüksəkliyi ilə gözlədi. Vətən ugrunda ölüm-dirim savaşına başlayan şanlı Azərbaycan Ordusu hər gün arxa cəbhəyə qələbə müjdələri göndərdi. Ay-ulduzlu üçrəngli bayrağımız ön cəbhədə azad edilən doğma yurdlarımıza, Qarabağın ən uca zirvələrinə, arxa cəbhədə isə milyonlarla ələ bəzək vurdu. Yurdlarımızın bir-bir azad edilməsi, mənfur düşməndən təmizlənməsi xəbəri illərlə köksümüzdə sıxılıb dağa çevrilən həsrəti bir andaca yoxa çıxardı. Rəşadətli Ordumuzun sarsıdıcı həmlələri, zəfərləri milyonlarla qaçqın və köçkünün ürəyində Qarabağa qayıdış inamını zirvələrə daşıdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmkar oğullarımızın şücaəti sayəsində cəmi 44 gün ərzində haqq savaşımız qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. Rəşadətli Ordumuz bir həmlədəcə düşmənin belini sındırdı, onu qarşımızda diz çökməyə məcbur etdi. Sülh üçün yalvarmaq məcburiyyətinə məhkum elədi. Nəhayət, hərb tariximizə Vətən Müharibəsi kimi yazılan savaş noyabrın 10-da böyük Qələbə ilə başa çatdı və bu şanlı qələbəmizin müjdəsini Ali Baş Komandan İlham Əliyev böyük sevinclə Azərbaycan xalqına çatdırdı. Bu gün hər birimiz torpaqlarımızın erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdarlıq edir, qanları ilə dastan yazan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın sədri cənab İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi bu fikirlər qələbəmizin əsl mahiyyətini tərənnüm edir: “Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğaldan azad etdi” Ziyalı olaraq əminliklə deyə bilirəm ki, həqiqətən də torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri canla-başla fəaliyyət göstərdi. Şəhid anaları, şəhid ataları, şəhid həyat yoldaşları, hamı bir ağızdan Vətən sağ olsun dedi. Bəli budur Azərbaycan xalqının böyüklüyü!. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən Müharibəsinin şücaətli, qəhrəman igidlərini dekabrın 10-da Azadlıq Meydanında keçirilən təntənəli Zəfər paradında böyük fəxr, qürur hissi ilə seyr etdik. O anda hamı ürəkdən bir söz deyirdi: Yaşasın Azərbaycan xalqı, Yaşasın Azərbaycan Ordusu, Yaşasın Ali Baş Komandan!
Abbasqulu İsgəndərli
Neftçala rayon sakini, ziyalı.
Səmil Şahlaroğlu
Kanal4.az