Sahibkar heç yana getmədən obyektini uzağı 20 günə elektrik şəbəkəsinə qoşa biləcək.
Bu gün “Azərişıq” ASC elektrik şəbəkəsinə onlayn qoşulma xidmətinin tətbiqini ictimaiyyətə təqdim edib. “Azərişıq” ASC sədrinin müşaviri Fərrux Heybətov və “Azərişıq” ASC-nin İKT departamentinin rəhbəri Qalib Həmidov yeniliklərlə bağlı məlumat veriblər.
Yeniliyə əsasən sahibkar olduğu məkanı tərk etmədən, elektron formada müraciət etməklə obyektini elektrik təchizatı şəbəkəsinə qoşa bilər. Abonentin onlayn müraciəti 20 gündən gec olmayaraq reallaşır və obyekti elektrik enerjisi ilə təmin edilir.
Bu sistem digər dövlət qurumları ilə inteqrasiyada olduğundan müraciət edən sahibkar özünə aid məlumatları ümumi bazadan götürə bilər. Reyestr və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin kordinatları və obyektə ən yaxın Transformator Məntəqəsi avtomatik müəyyənləşir. Bununla da, sahibkar 150 kvt-a qədər tələb olunan gücü müəyyənləşdirərək qoşulma haqqını özü hesablayır və onlayn qaydada ödəniş edir. Elektron müraciət avtomatik icra olunur və 20 gündən gec olmayaraq sahibkarın obyekti elektrik enerjisi ilə təmin edilir.
Həmçinin Covid-19 pandemiyasının geniş yayıldığı dövrdə “Azərişıq” ASC abonentlərin saglamlığını da düşünərək sahibkarların evdən və ya ofisdən çıxmadan növbəsiz və heç bir təmas olmadan qeyri-yaşayış sahəsinin onlayn qaydada www.azerishiq.az və ya www.e-gov.az saytı üzərindən enerji təchizatı şəbəkəsinə qoşulması üçün müraciətlərini təmin edə bilər.
Bunun üçün video- təlimat da hazırlanıb. (video-təlimat təqdim olunur)
Məqsəd bu sahədə vətəndaşların marifləndirilməsi və qoşulmanın daha rahat, əlçatan olmasını təmin etməkdir.
“Azərişıq” ASC-nin mətbuat xidməti
Kanal4.az
Emin Xuduyev