Həsrətlə Atasının yolunu gözləyən Nuray, ad günün mübarək!
Şəhidimiz Cəfərli Xəyal Xəlil oğlunun ailəsini atamla birlikdə ziyarət etdik. Cəfərli Xəyal Xəlil oğlu 15.07.1992-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olub. 1999-cu ildə orta məktəbə gedib. 2009-cu ildə məktəbi bitirib. 2010-cu ildə hərbi xidmətə yollanıb. Dövlət sərhəd xidmətində xidmət edib. 2002-ci ildə xidməti bitirib. 2015-ci ildə yenidən hərbidə işləməyə başlayıb. Əvvəl tankçı kimi sonra gizirlik kursunu keçib. Kəşfiyyatçı kimi Ağcabədi rayonunda işləməyə başlayıb. 2015-ci il avqust ayında ailə həyatı qurub. 20.4.2019-cu ildə qızı Nuray Cəfərli anadan olub. Qəhrəmanımızın döyüş yolu Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlıdan keçib. 22 oktyabrda şəhid olub. 23 oktyabrda şəhidimizin nəşi ailəsinə təhvil verilib. 24 oktyabrda xalqın böyük izdihamı ilə şəhidimiz torpağa tapşırılıb.
Ruhun şad olsun, şəhidim!
Ailəni ziyarət edərkən mən həddindən artıq düşündürücü bir görüntüyə rast gəldim.
Şəhidimizin əziz xatirəsinə həsr etdiyim şeirimi Şəhidimizin şəklinin üzərinə dərc etdirib ailəyə təqdim etmişdim. Şəhidimizin tək əmanəti olan Nuray çərçivənin üzərində Atasının şəklini görən kimi tez yaxınlaşıb şəkli götürüb çoxlu öpüb, bərk-bərk qucaqlayıb tam danışa bilməsə də "atamdı, atamdı. Baxın..."- deyə-deyə otaqda oyan, bu yana qaçırdı.Nurayın yaşının az olmasına baxmayaraq atasına olan sevgisi bizi çox kövrəltdi. Nurayın bu hərəkətini görən hər kəsin gözləri doldu. Şəkili bir müddət qucaqlayıb özündə saxlayan Nuray öz hərəkəti ilə sanki bizə nəyisə xatırladırdı. Şəkillərdən göründüyü kimi biz evə gələnə qədər Nuray atasının şəkilini bərk bərk bağrına basıb özündə saxladı.Nurayın bu hərəkəti məni çox kədərləndirdi. Ailə ilə nə danışacağım belə mənə çox çətin oldu.
Şəhid Xəyal
Ana Şəhiddir oğlun
Ağlama qürurlu ol.
Sil gözünün yaşını
Bir azca səbirli ol.
Bilirəm gözləyirdin
Xəyal indi gələcək.
Nurayla o bir yerdə
Deyib, gülüb, gəzəcək.
Nuray düşünür yenə
Atam indi gələcək.
Mənimlə deyib gülüb
Birlikdə əylənəcək.
Atasının yolunu
Gözləyir gündüz-gecə.
Atam indi gələcək
Boylanır yola necə.
Özümü ələ alıb Xəlil baba və Arzu nənə ilə həmsöhbət oldum. Ali baş komandan İlham Əliyevin sərəncamlarına əsasən Xəyal Xəlil oğlu Cəfərli ölümündən sonra "Vətən uğurunda" və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub. Qəhrəman şəhidimiz Xəyal Xəlil oğlu Cəfərlinin adına xatirə bulağı tikilir. Ailə çox vətənpərvər olduğundan söhbət zamanı Arzu nənə qeyd etdi ki, Şəhidimiz Xəyalın qardaşı Vüsal Cəfərli də döyüşlərdə iştirak edib və öndə olub. Hal-hazırda da hərbi xidmətdə vətənin keşiyindədir.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Allah bütün qazilərimizə şəfa versin!
Allah bütün əsgərlərimizi qorusun!
Balaca Nuray bala ad günün mübarək olsun!
Emin Bayramlı

