"Fuad kimilər qanunla cəzalandırılmalıdır" - Xudayarın təhqir edilməsinə deputatdan SƏRT REAKSİYA
Xəbər verdiyimiz kimi, "Twitter"də "Əhməd" adlı hesabdan "Xudayar çoxdandır təzə mahnı buraxmır" deyə ironik paylaşım edilib. Daha sonra Fuad Rəsulzadə həmin sözləri özünün dediyini açıqlayıb. Xatırladaq ki, Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin döyüşlər ərəfəsində işğaldan azad edilmiş ərazidə oxuduğu mahnılar geniş yayılıb. Fuad Rəsulzadənin bu paylaşımı sosial şəbəkələrdə etirazla qarşılanıb.
Bununla bağlı sonxəbər.az-a danışan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, Xudayar kimi igid və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımızın ünavnına ancaq xoş sözlər demək olar. Onların ünavanına deyilən hər hansı xoşagəlməz ifadələr hər birimizə yönəlmiş təhqir və ağır sözlərdir. Məhz ona görə də mən bu cür halları qəti şəkildə pisləyirəm. Bu cür hallar qətiyyən yolverilməzdir. Əlbəttə, sosial şəbəkələrdə və saytlarda şəhid ailələrinə, qazilərimizin ünvanına təhqirlər söyləyən, əsassız fikirlər səsləndirənlərlə bağlı qanun çərçivəsində tədbirlər görülməlidir. Ola bilsin ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində şəhidlər və qazilərlə bağlı ayrıca bir maddə nəzərdə tutulmayıb. Amma ehtiyac yaranarsa, Milli Məclisdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə bununla bağlı maddə əlavə edilə bilər. Düşünürəm ki, Fuad kimi insanlar qınanılmalı, onlara qarşı xalqımızın qəti mövqeyi olmalıdır. Sevindirici haldır ki, sosial şəbəkələrdə belələri qınaq atəşinə tutulur. Ümid edək ki, bu kimi hallar təkrarlanmayacaq".