Nəvələrinin toyunu görsün, evinə gəlin gətirsin, Heydər Əliyevin toyunun xoşbəxtliyini yaşasın"
“Özüm haqqında nə deyə bilərəm ki, hər şey göz qabağındadır. Şüurlu həyatımı çalışmışam ki, xalqımızın azadlığına, müstəqilliyinə və dövlətçiliyinə həsr edim. İndi buna nə dərəcədə nail olmuşam, xidmət göstərmişəm, bunu sizlər daha yaxşı bilirsiniz. Özüm haqqında heç nə demək istəmirəm” .
Bunu Moderator.az-a açıqlamasında bu gün doğum günü olan millət vəkili Fəzail Ağamalı deyib. M.Ağamalı bu gün onunla doğum günləri eyni günə təsadüf edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı təbrik edib və xidmətlərindən danışıb:

“Təbii ki, bu gün Azərbaycan dövlətçiliyində, xalqın taleyində son dərəcə mühüm xidmətlər göstərən, töhfələr verən Mehriban xanımın da doğum günüdür. Bu xoş bir təsadüfdür. Bizim doğum günlərimizin eyni günə təsadüf etməsi mənim üçün son dərəcə qürurvericidir. Mehriban xanım ilk gündən, yəni Cənab Prezident siyasi fəaliyyətə qədəm qoyduğu gündən hər zaman onunla bərabər olub. Onun yaxın silahdaşı kimi öz istedadını, bacarığını, Cənab Prezidentimizlə bərabər Azərbaycan xalqının müstəqilliyinə, dövlətçiliyinin möhkəmlənməsinə həsr edib. Təbii ki, Cənab Prezidentimizlə bərabər o da xalqımızın yolunda böyük fədakarlıq göstərib və bu bu gün də davam etməkdədir. Mehriban xanım olduqca universal bir istedada sahibdir. O, təkcə tarixmizi, mədəniyyətimizi qoruyub saxlamaqla, onu dünya miqyasında tanıtmaqla kifayətlənmir, eyni zamanda Heydər Əliyev Fondunun Prezidenti kimi xeyirxah təşəbbüslərin müəllifi kimi yaddaşlarımıza həkk olunub. İmkansızlar, xəstə körpələr, qadınlar, yaşlı insanlar hər zaman Mehriban xanımın diqqətindədir. Mehriban xanım Azərbaycan xanımlarının örnəyidir, nümunəsidir. Doğrudan da səmimi şəkildə qürur duyuram ki, bu gün Cənab Prezidentimizlə bərabər Mehriban xanım da onun həyat yoldaşı, Birinci Vitse-prezident kimi gecəsini və gündüzünü Azərbaycan xalqına həsr edir. Mehriban xanımı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ona xoşbəxtlik, möhkəm can sağlığı, çətin və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Arzulayıram ki, hər zaman ömür gün yoldaşı, həm də silahdaşı İlham Əliyevlə uzun illər boyu xalqımıza, dövlətimizə xidmətini davam etdirsin. Nəvələrinin toyunu görsün, evinə gəlin gətirmək ona tezliklə qismət olsun. Heydər Əliyevin toy günlərinin xoşbəxtliyini yaşasın. Evindən gəlin köçürsün. Bir daha təbrik edirəm”.
Kanal4.az