Evin-ailənin tək oğlu…24 yaşında Şəhid olan MAXE-SAMİR VAQİF OĞLU FƏRZƏLİYEV…-FOTOLAR
Samir Vaqif oğlu Fərzəliyev…
1996-cı ilin dekabr ayının 8-ində Ağdam rayonunun Quzanlı kəndində sadə bir ailədə anadan olub…
2002-2011-ci illərdə Quzanlıda orta məktəbdə təhsil alıb…
2015-ci ilin aprelində Vətənə xidmət borcunu yerinə yetirmək üçün əsgərliyə yollanıb və bir il 6 aydan sonra – 2016-cı ilin oktyabrında Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini başa buraraq, evinə, ailəsinə dönüb…
2016-2020-ci illərdə müxtəlif sahələrdə çalışıb və 2020-ci ilin avqustunda MAXE kursuna yazılıb və sentyabrın 7-sində, İkinci Qarabağ Savaşından cəmi 20 öncə MAXE kimi fəaliyyət göstərməyə başlayıb…
İkinci Vətən Müharibəsinin ilik saniyəsindən, ilk dəqiqələrindən də döyüşlərə atılıb, igidliklər, qəhrəmanlıqlar göstərib və Ağdərə istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…
15 oktyabr 2020-ci il tarixində də Ağdam rayonunun Quzanlı kənd qəbiristanlığında, Şəhidlər məzarlığında torpağa tapşırılıb…
Ölümündən sonra medallarla təltif olunub…
Samir həm də evin, ailənin tək oğlu, iki övladından biri olub…
***
Şəhidimizin anası Siyafər xanımla da bir neçə dəfə müxtəlif bölgələrdə Şəhidlərimizlə bağlı keçirilən tədbirlərdə rastlaşmışdım, amma onunla söhbətləşmək, dərdləşmək imkanım olmamışdı…
Onunla ilk dəfə olaraq, bugünlərdə, Şəhid qardaşlar-Əli və İslam Əhmədovların ev muzeyi və xatirə lövhəsinin açılış mərasimində tanış ola, söhbətləşə bildim…
Şəhid anasına başsağlığı verərək, ona, ailəsinə səbr dilədim, məqamı Ucalardan uca olan Şəhidimizin məkanı cənnətlik olsun dedim…
Və söz verdim ki, Şəhidimizin növbəti-yubiley doğum günündə, 25 yaşının tamamında onunla bağlı təşkil olunacaq tədbirdə iştirak edəcəyəm və daha geniş yazı hazırlayacağam…
Bəli, daha bir Qürurlu, daha bir Dik duruşlu, daha bir Məğrur, həm də daha bir yaralı, dərdli ana…
Bəli, bəzən, çox vaxt onlar qarşısında sözlər, kəlmələr belə aciz qalır, nə deyəcəyini, təsəlli, onları ovutmaq, yaralarını azacıq da olsa, xəfiflətmək üçün nələr söyləcəyini bilmirsən…
Bəli, Siyafər xanımla da söhbətimizdə çox danışa bilmədim, onun kədərli baxışları, dərd yağan gözləri qarşısında sözlər, kəlmələr boğazımda düyümləndi yenə…
Sadəcə, yuxarıda da qeyd etdiyim kimi, 3-4 kəlmə, cümlə ilə fikirlərimi çatdıra bildim…
Allah Şəhidimizin, Samir balamızın məkanını, məzarını bir daha cənnətlik və behiştlik etsin, Böyük Yaradan özü bir daha Şəhid anasına, Siyafər anaya və Şəhid ailəsinə səbr, dözüm, güc, qüvvət versin!
Şəhidimizin ruhu, Şəhidimizin anası, əzizləri qarşısında baş əyirəm!








Etixeber.az