Elman Nəsirov: Sərəncam bir daha sübut edir ki, insanların sosial rifahı Prezident üçün bir nömrəli məsələdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Müvafiq sərəncam bir daha sübut edir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Ali Baş Komandan, Prezident İlham Əliyev hər zaman vətəndaşının sosial qayğısına qalır, onun mənafeyinə xidmət edən addımlar atır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Prezident İlham Əliyevin bu gün imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına münasibət bildirərək deyib.
Parlament üzvü bildirib ki, hələ 2019-cu ildə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilmiş sosial paketləri nəticəsində ölkədəki müavinətlər və təqaüdlər orta hesabla 92 faiz artırılıb, minimum əmək haqqı məbləği yüksəlib: “Sərəncamda xüsusilə vurğulanıb ki, ölkəmiz COVID-19 pandemiyasının yaratdığı sarsıntıları geridə qoyaraq, inamlı şəkildə iqtisadi bərpa yoluna qayıdıb. Azərbaycan pandemiya müddətində də sosial rifah məsələlərinə xüsusi önəm verib. Xüsusilə sahibkarların və işsizlərin sosial təminatında yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində xeyli məsələlər həyata keçirilib. Nəzərə almaq lazımdır ki, pandemiya dövründə sahibkarlara 4 dəfə 190 manat həcmində sosial yardımlar verildi və epidemioloji vəziyyətlə əlaqədar yaranmış iqtisadi problemlərin həlli üçün 2.5 milyon manat vəsait xərclənib. Ötən ilin büdcəsinə əsasən, pandemiya ilə mübarizəyə ümumilikdə 261 milyon manat maliyyə vəsaiti ayrılıb. Bütün bunlar göstərir ki, əhalinin rifahı və sağlamlığı Prezidentin diqqətdə saxladığı prioritet məsələlərdir. Postpandemiya dövrünün isə öz reallıqları var və dünya iqtisadiyyatı da postpandemiya dövrünə daxil olmağa hazırlaşır. Həmin dövrdə müəyyən çətinliklərlə qarşılaşmaq normaldır”.
E.Nəsirovun dediyinə görə, dünyada, eləcə də bizim ölkədə iqtisadiyyatının bərpa prosesinə başlanılıb. Lakin iqtisadi fəallıq, istehsal olunan məhsullara tələbat artdığı təqdirdə, postpandemiya dövründə həmin tələbatı təmin etmək dinamizmi nisbətən aşağıdır: “Nəticədə, dünya bazarında qiymətlər qalxır və idxalçı ölkə kimi bir sıra məhsulların satışı ilə bağlı Azərbaycanda alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Prezident İlham Əliyevin də yeni Sərəncamının əsas məqsədi ondan ibarətdir ki, bu məsələlər araşdırılsın və 2022-ci ilin büdcəsində təqaüdlərin, pensiyaların, sosial müavinətlər və əməkhaqlarının müəyyən edilməsi mərhələsində reallıqlar nəzərə alınsın, bir sıra sahələr üzrə ödənilən sosial ödənişlərin həcmi artırılsın. Sərəncam bir daha sübut edir ki, dövlət başçısı hər an vətəndaşının yanındadır, habelə onun sosial rifahı və sağlamlığı Prezident üçün bir nömrəli məsələdir”.