Partiya sədrinin maşınını "ştrafnoya" aparan yol polisləri cəzalandırıldı
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun Şuşaya gedərkən avtomobilini cərimə meydançasına aparan dövlət yol polisi əməkdaşlarını cəzalandırıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, onlar ciddi intizam məsuliyyətinə cəlb ediliblər.
Partiya sədrinin hadisə baş verən gün - oktyabrın 7-də reydin qanunsuz keçirilməsi ilə bağlı sosial şəbəkə üzərindən Baş Dövlət Yol Polisi İdarəsinə etdiyi müraciət araşdırılıb.
İdarədən bildirilib ki, xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə dövlət yol polisi əməkdaşları ciddi intizam məsuliyyətinə cəlb ediliblər.
A.Şakiroğlu açıqlamasında deyib ki, yaranmış qanuna zidd və xoşagəlməz hadisə üzücüdür.