Astarada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib
DİN-in Daxil Qoşunlarının hərbi qulluqçusu Orxan Babayevin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmasından bir il ötür. Daxili İşlər Nazirliyinin və Astara Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları şəhidin ailəsini ziyarət ediblər.
Möhtərəm Prezidentimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda göstərdiyi igidlik və şücaətlərə görə təltif olunduğu medallar şəhid hərbi qulluqçunun ailə üzvlərinə təqdim edilib. Bildirilib ki, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlblərdə yaşayacaq, onların igidlik və qəhrəmanlıq səhifələri gənc nəsillər üçün daim örnək olacaq.
Şəhid hərbi qulluqçunun ailə üzvləri Orxan Babayevin Vətən torpağı uğrunda mərdliklə vuruşub şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. Göstərilən diqqətə və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə baş çavuş Orxan Sədail oğlu Babayev ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Kanal4.az