Aygül Bağırova: Yazarın ruhu.
Qələm.....Başqadır, əvvəl bir neçə dəfə götürülüb, sonra yerinə qoyulması.. Yığılıb qalanların səssiz üsyanı ilə başlayır o qələmlə olan ahəng. Bir dəfə başladımı, bir daha pozulmaz. Ən gözəl, ən dərin, vəfalı dost, sədaqətli sevgili kimi.. Zamanla cəsarəti qəlbin qədər ondan da almağa başlayırsan. Dinləyirsən, danışırsan, həmdəm olursan. Sözün, söhbətin, qəlbin, zehnin─bir sözlə, bütün mənəviyyatın onunla bağlanır ağ kağızdakı sətirlərə. Bir bütün olub, itirdiklərini də onlarda tapıb, başqa bir həyat qazanırsan. Yaxşın, pisin, dinmək bilməyən fırtınan, lap elə sirrin, hayqırmaq istədiklərin─hamısını onlar bilir. Adi vaxtlardakı yuxusuz gecələr daha xoşbəxt, tavana zillənmiş gözlərsə daha nurlu olur sanki.....
Yazmaq....Öncəsi çətin, ağır olan, sonrası isə qazanılmış dingin sükutun hüzuru.. Sinədə çox sətrin, bəndin yığılıb, yazıla bilməməsi hələ.. , o da var təbii.. Əvvəllər o yığılıb qalanlar yazıla bilmirsə, zamanla baxmır nə cəsarətsizliyə, nə acizliyə, nə də “yox, bu qalsın, yazmayım”-lara.. Özü süzülür, dilə gəlir qələmdən.....
Gecə.. Yazmaqla gecənin uyğunluğu, anlaşması qədər gözəl ahəng görmədim. Bir sən, bir dərin susqunluğu ilə gecə, bir də qəlbin.. Bir-birinizi daha yaxşı dinləyib, anlaya bilirsiz. Sonra danışırsan hər şeydən. Həmişə də yaralardan başlayırsan. Çünki bilirsən ən gözəl dinləyici onlar olacaq, qınamadan, sorğulamadan. Səssizcə qarşılaşdırarlar səni sənlə.. Qəlbinin o bir yerlərindəki çatlardan, ailə qayğısı, dost sözü, bir də astadan ordakı rəflərin birində yarım qalmış, ya da heç başlaya bilməmiş kimsədən.. Bura qədərki yollarda eniş-yoxuşlardan, ”kaş”-lardan, ”daha bəsdi”-lərdən, ”qaçıb getmək”-lərdən.. Nə varsa, kimsənsə, nəsənsə o. Uşaqlıqdakı balaca velosipeddə öz-özünə olan söhbətlərdən ta sahildəkilərə qədər.. Göz yaşınla süzülən ilk fəryaddan bu yana. Hamısından.. Bir az da indiyə qədərki gözəlliklərdən, uğurdan, bitməsini heç istəmədiyin o anlardan. Ürəyin necə istəyir elə danışırsan, demək istədiyin, istəmədiyin, çəkindiyin, sıxıldığın hər şeydən. Sonra da yığıb hamısına bir “obraz”deyirsən.. Amma, rahat olursan, xoşbəxt olursan, incitmir səni həmdəminlə danışmaq. İllərdi səssiz dinləyir çünki. Doğmasan o qələmlə, sətirlərlə. Üzün də gülür.
Yazmaq budu, belədi. Elə qəribə bir şeydir ki, nə yazsan belə rahat olursan. Hətta elə şeylər ki, bəlkə ən yaxın rəfiqənə belə danışarkən öz hönkürtün başına düşər. Amma, burda elə olmur. Ona görə də deyəsən yazarlar bir az da xoşbəxt insanlardır. Düzdür, çətindir. Onlar yaşamadan yarada bilməzlər. Bu da o deməkdi ki, hər anı iliklərinə qədər hiss edirlər. Lakin, bu onları daim incidir anlamına gəlməz. Hər insanın duymadıqlarını duyar onlar, hər insanın anlamadığını anlayar, görə bilmədiyini görərlər. Ona görə yarı yas, yarı toy olurlar.. Bəlkə də bu yaşamın ən xoşbəxtidirlər, onlar və sətirləri.. Onlar və yazmaq.. Onları daha dərin oxuyun, daha başqa duyun.....
Fəqət, heçnə yazmaq qədər olmurdu, olmazdı..
Aygül Bağırova
YAP fəalı
Azərbaycan Jurnalistlər birliyinin üzvü.