Gəncədə narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə şəhərin 4 saylı tam orta məktəbinin karantin tələbləri nəzərə alınmaqla “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” mövzularında tədbir şagirdləri ilə görüş keçirilib. Tədbirdə Nizami RPİ-nin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edən RPİ-nin rəisi, polis polkovniki Knyaz Həsənov bildirib ki, ölkəmizin işıqlı və gözəl gələcəyi məhz sağlam, savadlı gənclikdən asılıdır. Hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir. Belə görüşlərin keçirilməsində əsas məqsəd də məhz yeniyetmə və gəncləri narkomaniyanın və digər zərərli vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirməkdən ibarətdir. Çünki narkotik vasitələrdən istifadə edərək özünü fiziki və psixoloji cəhətdən məhvə aparan insan nə yaxınları, nə də cəmiyyət üçün üçün layiqli vətəndaş ola bilməz.
Tədbirdə erkən nikaha daxilolma məsələsinə də toxunulub. Bu kimi neqativ hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.
Kanal4.az
Emin Xuduyev.
