“AZƏRİQAZ” İB SON SUTKADA 38 MİLYON KUBMETR TƏBİİ QAZ QƏBUL EDİB
Son sutkada “Azəriqaz” İstehsalat Birliyi 38 milyon kubmetr təbii qaz qəbul edib. Bu barədə “Azəriqaz” İB-in baş direktoru Ruslan Əliyev bu gün mətbuat nümayəndələri ilə keçirilən “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib. Baş direktorun sözlərinə görə, bu da ötən ilki həcmlə müqayisədə eynidir. "Qəbul edilən təbii qazın 29 milyon kubmetri əhali abonentlərinə, digər həcmlər isə qeyri-əhali və sənaye üzrə verilib. Bu ilin dekabr ayı ötən ilin eyni dövrü ilə müqayisədə daha xoş keçib. Son 23 gündə keçən ilin eyni dövrü ilə müqayisədə əhali üzrə 90 milyon kubmetr az, ancaq qeyri-əhali üzrə ötən ilin dekabr ayına nisbətən 30 milyon artıq qaz qəbul etmişik”-, deyə Ruslan Əliyev qeyd edib. Görüş zamanı Birliyin baş direktoru Ruslan Əliyev həm media nümayəndələri, həm də sosial şəbəkə üzərindən vətəndaşlar tərəfindən ünvanlanan sualları da cavablandıraraq bir sıra mühüm məsələlərə toxunub. Baş direktor Birlik tərəfindən həyata keçirilən aksiyanın vacibliyindən söz açaraq yerlərdə bəzi çatışmazlıqları məhz media nümayəndələri vasitəsi ilə öyrəndiyini, bunun üçün də jurnalistlərə öz minnətdarlığını bildirib. Mətbuat nümayəndələrini aksiyanın imkanlarından maksimum istifadə etməyə çağıran Birliyin rəhbəri qaz təchizatı ilə bağlı ünvanlanan bütün sualları cavablandırmağa hazır olduğunu deyib. Qeyd edək ki, bu, “Açıq qapı” aksiyası çərçivəsində oktyabr ayının 22-dən başlayaraq keçirilən sayca 10-cu görüşdür.

